Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.
Onların ad və soyadları da açıqlanıb. Bunlar İrəc Nəsiri, Əhməd Şəkuri və Çingiz Salehidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 18-də səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib. Bu məhbuslarla birlikdə barələrindəki edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülmüş iki nəfərin taleyindən isə heç bir xəbər yoxdur. Ötən həftə də Urmiya şəhərinin mərkəzi həbsxanasında 4 məhbus qətl ittihamı ilə dara çəkilib. Ancaq indiyədək onların kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Bundan əlavə, İranın Sistan və Bəlucistan vilayətində də 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Belə ki, Nasir Qomşadzehi dekabrın 17-də 4 illik həbs həyatından sonra, Mehdi Cəvanmərd isə dekabrın 18-də Zahidan şəhərinin mərkəzi həbsxanasında asılıblar. Ancaq bu edamlarla bağlı heç bir rəsmi məlumat verilməyib.