Bank Of Baku

Sergey Lavrov Gürcüstanın Cənubi Osetiyaya hərbi müdaxiləsi barədə əvvəldən məlumatı olan ATƏT rəsmilərinin cəzalandırılmasını tələb edib

Sergey Lavrov Gürcüstanın Cənubi Osetiyaya hərbi müdaxiləsi barədə əvvəldən məlumatı olan ATƏT rəsmilərinin cəzalandırılmasını tələb edib
# 05 dekabr 2008 12:32 (UTC +04:00)
Helsinki. Tamara Qriqoryeva-APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT rəhbərliyini Gürcüstanda baş verən avqust hadisələrinin qarşısını vaxtında almamaqda ittiham edib. APA-nın Helsinkidəki xüsusi müxbirinin məlumatına görə, ATƏT XİN Şurasının toplantısında çıxış edən Sergey Lavrov bildirib ki, ATƏT daxilində informasiya sirkulyasiyası, mühüm məlumatların yalnız bəzi iştirakçı dövlətlər üçün açıq olması məsələlərinə yenidən baxmağa ehtiyac var: “Məsələn mediada belə məlumatlar səslənir ki, Gürcüstan Cənubi Osetiyaya hücum etməzdən əvvəl bölgədəki ATƏT-in müşahidə missiyası Tiflisin hərbi hazırlığa başlaması barədə rəhbərliyə məruzə ediblər. Lakin onların hesabatları nədənsə qurumun heç də bütün üzvlərinə çatdırılmayıb. Hesab edirik ki, bununla bağlı daxili təhqiqat sonadək aparılmalıdır”. Sergey Lavrov ATƏT məkanında humanitar fəlakətlər məsələsinə də toxunaraq Gürcüstanın belə bir fəlakətlərdən birinin səbəbkarı olduğunu vurğulayıb: “Gürcüstan rəhbərliyi Cənubi Osetiyaya qaz nəqlini çoxdan dayandırıb. Soyuq qış ərəfəsində belə bir addımın atılmasını qeyri-insani əməldən başqa heç cür qiymətləndirmək mümkün deyil. ATƏT və onun institutları Tiflisin fəaliyyəti nəticəsindən meydana çıxan humanitar fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.

ATƏT məkanında dondurulmuş münaqişələr mövzusuna toxunan Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə doğru addım atılmasını alqışlayıb: “Dnestryanı münaqişənin nizamlanması prosesində də real irəliləyişlər var. Münaqişə tərəflərinin razılığa gəlməsi mühüm əhəmiyyət kəsb edir və bu yaxınlaşmanı həvəsləndirmək lazımdır. Bu qeydlərim ATƏT-in Gürcüstandakı missiyasının və Qafqazın digər bölgələrindən fəaliyyət göstərən missiyalarının da fəaliyyətinə aiddir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR