Bank Of Baku

Yunanıstanda etiraz aksiyaları səngimir, Afina od işindədir

Yunanıstanda etiraz aksiyaları səngimir, Afina od işindədir
# 09 dekabr 2008 10:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, böyük şəhərlərin mərkəzində polis ciddi təhlükəsizlik tədbirləri görüb. Etiraz aksiyası keçirənləri dağıtmaq üçün daha çox gözyaşardıcı qazdan istifadə edilir.

Yunanıstanın paytaxtı Afina, ona yaxın Selanik şəhəri başda olmaqla ölkənin şimal hissəsində minlərlə insan etirazını bildirmək üçün polis bölmələrinə hücum edib, çoxlu polis yaralanıb, onlarla maşın yandırılıb, banklar, dükanlar soyulub.

Yunanıstanın bütün media orqanları az qala müharibə səhnələrini xatırladan video görüntülər və fotolar yayımlayırlar.

Polis etirazçıların qarşısının almaq üçün paytaxtda və digər şəhərlərdə barrikadalar qurub.

Yunanıstan mediasının yazdığına görə, parlamentin qarşısındakı meydandakı bank şöbələri və iş mərkəzləri polis səddini aşan etirazçılar tərəfindən yandırılıb. Yanğınsöndürmə maşınları oğurlandığı, yanğın söndürənlərin gəldiyi yollar etirazçılar tərəfindən kəsildiyi üçün yanğınların qarşısının alınmasında ciddi problemlər yaranıb. Afinanın peyk görüntüləri şəhərin onlarla yerdən atəş içində olduğunu göstərib.
Etirazçıların iqtisadi mərkəzlərə və otellər hücumu ilə ölkəyə dəyən maddi ziyan daha da artıb.

Ölkədə məktəblərdə tətil elan edilib. Yunan mediası bildirib ki, sabah ölkədə böyük etiraz aksiyaları planlaşdırılır. Buna səbəb isə öldürülən gənclə bağlı tibbi ekspertizanın nəticəsinin sabah məlum olmasıdır. Əgər tibbi ekspertiza polisin təsadüfdən deyil, bilərəkdən gənci hədəf aldığını açıqlasa, o zaman olayların daha da böyüməsi təhlükəsi var.

Yunan polisi 16 yaşındakı Aleksandros Andreas Qriqoropulosun öldürülməsi ilə bağlı iki polis məmurunun və olayın meydana gəldiyi səmtin polis rəisinin vəzifəsindən azad edildiyini açıqlayıb.

Yunanıstan baş naziri Kostas Karamanlis ölən gəncin ailəsinə başsağlığı verib və məktubunda hadisənin səbəbkarlarının aydınlaşdırılaraq, cəzalandırılacağını bildirib: “Belə bir faktın bir daha təkrarlanmaması üçün lazım olan bütün tədbirlər görüləcək”.

Yunanıstan prezidenti Karolos Papulyas da baş verənlərin hüquqi bir dövlət üçün zərbə olduğunu deyib.

Yunanıstanın daxili işlər naziri Prokopis Pavlopulos ilə müavini Panayotis Hinofotis dünən sabah saatlarında istefa ərizələrini baş nazirə təqdim ediblər. Lakin onların istefaları qəbul olunmayıb.

Daxili işlər naziri araşdırmalar başa çatandan sonra nəticədən asılı olaraq, günahkarların cəzalandırılacağını qeyd edib. Etirazları insan hüquqları baxımından haqlı hesab edən P. Pavlopulos etirazların dinc xalqa mənəvi və maddi ziyan vurmasına imkan verməyəcəklərini deyib.

Qeyd edək ki, Afinanın mərkəzindəki Eksarhiya səmtində şənbə günü bir qrup gənc növbətçi polis maşınına daş və dəyənəklərlə hücum edib. Polisin qarşılıq vermək üçün açdığı atəş nəticəsində isə 16 yaşındakı gənc dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR