Bank Of Baku

Bu gün Brüsseldə Avropa İttifaqı dövlət başçılarının zirvə görüşü başlayır

Bu gün Brüsseldə Avropa İttifaqı dövlət başçılarının zirvə görüşü başlayır
# 11 dekabr 2008 12:04 (UTC +04:00)
APA-nın Brüsseldəki xüsusi müxbirinin verdiyi məlumata görə, sammitin gündəliyinə Avropa İttifaqının Lissabon sazişinin ratifikasiyası, maliyyə böhranının aradan qaldırılması yolları və atmosferə buraxılan karbon qazı tullantılarının həcminin azaldılmasına dair yeni qanunvericilik paketinin qəbulu məsələlərinin müzakirəsi daxil edilib.

Sammit Bakı vaxtı ilə 18.00-da, yəni ənənəvi vaxtından tez işə başlayacaq. Diplomatlar müzakirələrin şənbə gününə kimi davam edə biləcəyini vurğulayırlar. Zirvə görüşündə ilkin olaraq İrlandiyanın Lissabon sazişini ratifikasiya etməsi məsələsinə baxılacaq. Qeyd edək ki, iyunda keçirilən referendumda İrlandiya əhalisinin 53 faizi bu sazişə qoşulmağın əleyhinə çıxıb. İrlandiyanın baş naziri Brayan Kouen irlandların Avropa İttifaqının yeni sazişinə neqativ münasibətinin səbəblərini açıqlayacaq və sazişin ratifikasiyası istiqamətində görülən işlər barədə fikirlərini bölüşəcək.

Sammitin yekin sənədinin ilkin variantı artıq İrlandiyanın “The Irish Times” qəzetində dərc olunub. Sənədə əsasən, bütün Avropa İttifaqı dövlətləri İrlandiyanın Lissabon sazişinə qoşulması üçün mümkün olan bütün addımları atmağa hazır olduqlarını bəyan edirlər. Birlik dövlətləri Avropa Komissiyasında İrlandiya təmsilçisinə komissar postu verməyə, həmçinin ölkənin neytral statusunun qorunmasına razı olduqlarını bildiriblər.

Sammitin gündəliyində duran ikinci məsələ Avropa Komissiyasının ümumdünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması istiqamətində təkliflərinin müzakirəsindən ibarətdir. Təklifə əsasən, Aİ ölkələri illik ümumi daxili məhsulun 1,5 faizi həcmində vəsaiti iqtisadiyyatın stimullaşdırılmasına yönəltməlidir. Fransa bu addımın Aİ sammitində rəsmiləşdirilməsini təklif edib. Bununla belə bəzi Aİ ölkələri iqtisadiyyatın inkişafının stimullaşdırılmasına bu qədər böyük vəsaitin ayrılmasını məqsədəuyğun saymırlar.

Gündəlikdə duran üçüncü və ən mübahisəli məsələ iqlim dəyişiklikləri ilə mübarizə ilə bağlıdır. Ötən ilin martında keçirilən Aİ sammitində bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilib: “2020-ci ilə kimi atmosferə karbon tullantılarının həcmini 20 faiz azaltmaq, energetika sektorunda bərpa olunan enerji mənbələrinin həcminin 8,5 faizdən 20 faizədək artırılması, enerji effektivliyinin 20 faizə çatdırılması”. Sammitdə bu məqsədlərin yerinə yetirilməsi üçün iqtisadi durumundan asılı olaraq hər bir iştirakçı dövlət üçün konkret vəzifələrin müəyyənləşdirilməsi qərar alınıb.

Hazırda bu məsələ ilə bağlı Aİ ölkələri arasında ciddi fikir ayrılıqları mövcuddur. Almaniya Avropa İttifaqına yeni üzv qəbul olunmuş dövlətlər üçün daha kiçik miqyaslı vəzifələrin müəyyənləşdirilməsinə qarşı çıxır. Berlinin bu mövqeyini İtaliya da dəstəkləyib. İtaliyanın baş naziri Silvio Berluskoni bildirib ki, əgər karbon tullantılarının miqdarının azaldılması və bərpa olunan enerji mənbələrinin həcminin artırılması məsələsində onun ölkələrinin maraqlarına toxunulsa, Roma öz veto hüququnda istifadə edəcək. Avropa İttifaqının “yeni üzvləri” isə karbon tullantılarının miqdarının azaldılması nəticəsində ölkə iqtisadiyyatına dəyəcək zərərin ödənilməsi üçün onlara kompensasiya verilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR