Bank Of Baku

AKP millət vəkili hökumətin kürd təşəbbüsünü kəskin tənqid edib

AKP millət vəkili hökumətin kürd təşəbbüsünü kəskin tənqid edib
# 28 dekabr 2009 09:01 (UTC +04:00)
Bakı – APA. Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) Ankara millət vəkili Mehmet Zəkai Özcan hökumətin “Milli birlik proyekti”, “Demokratik açılım” (həmlə) adlandırılan kürd təşəbbüsünü kəskin tənqid edib. APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, M. Z. Özcan hansısa etnik və dini qrupların üzərinə vurğu salınaraq siyasət yeritməyin demokratiyaya zidd olduğunu deyib: “Bu, ayrılmağı düşünməyən xalqımızın bir-birinə başqa gözlə baxmasına səbəb ola bilər. İraqdan gələn və peşman olmadığını deyən PKK-çıların sərhəddə sərbəst buraxılması tam bir rəzalət idi. Bu görüntülər millətin qanını dondurdu və türk xalq bunu özünə qarşı meydan oxuma kimi qəbul etdi”.

M. Z. Özcan hökumətin hazırda “donmuş” vəziyyətdə olan kürd təşəbbüsünü təkcə müxalifətin deyil, AKP-nin bəzi millət vəkillərinin də sabotaj etdiyini söyləyib: “Bir xanım əfəndi (AKP parlament fraksiyasının həmsədri Ayşənur Bağçaqapılı – “Vatan”) Konstitusiyadan “Türklük” ifadəsinin çıxarılacağı, bəzi millət vəkilləri isə “kürd dili təhsil dili olacaq”, “Nə mutlu türkəm deyənə sözü dağlardan silinəcək” şəklində bəyanatlar verdilər. Bu proses boyu kürdçülük dinamika qazandı, PKK legitimlik əldə etdi. Silahlı qüvvələrimiz, təhlükəsizlik güclərimiz nüfuzdan salınmağa çalışıldı və onlar hər gün yeni bir iftiraya məruz qaldılar”.

AKP millət vəkili müxalifətin – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının mövqeyinin nəzərə alınmamasını da pisləyib: “CHP və MHP-nin ən azı 35 faiz səsi var. Biz 35 faizlə razılığa gəlməsək, milli birlik proyektini həyata keçirə bilmərik. Daşlı, zopalı PKK-çıların küçə aksiyalarına imkan verilməməlidir. Əks halda bu proyekt siyasi kürdçülərin yeni bir millət yaratmaq məqsədinə xidmət edər ki, bu da milli birliyin sonu olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR