Bank Of Baku

Dəniz Baykal: “CHP-yə yeni sədr seçilməli, partiyanın bütövlüyü, siyasi kursu və prinsipləri qorunmalıdır”

Dəniz Baykal: “CHP-yə yeni sədr seçilməli, partiyanın bütövlüyü, siyasi kursu və prinsipləri qorunmalıdır”
# 12 may 2010 08:23 (UTC +04:00)
Geri dönmək kimi bir planım və tələbim qətiyyən yoxdur. Yeni bir başlanğıc gerçəkləşərsə, buna ən çox sevinən mən olacağam, ən böyük dəstəyi də mən verəcəyəm”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə telekanallarına telefonla verdiyi açıqlamada Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən istefa vermiş Dəniz Baykal deyib. D. Baykal bildirib ki, bu mərhələdə ən diqqət yetirəcəyi məsələ CHP-nin siyasi kursunun və prinsiplərinin qorunması olacaq: “Partiyadakı dostlarım təşəbbüs göstərməlidir, vəziyyəti müzakirə etməlidir. Namizəd olmaq istəyənlər ortaya çıxmalıdır. Bu, mənim kənarda qalacağım mənasına gəlməz. Mən bütün gücümlə Konstitusiya referendumu başda olmaqla, üzərimə düşəni edəcəyəm. Referendum kampaniyasında meydan-meydan gəzəcəyəm, partiyamın mövqeyini xalq çatdıracağam. Buna qətiyyən şübhə yoxdur. Partiya yeni başlanğıca imza atıb, yeni kadrları rəhbərliyə seçərsə, onlarla əl-ələ verəcəyəm, birlikdə çalışacağıq”.

D. Baykal “Sizcə partiya üzvləri sədrliyə vahid namizəd müəyyənləşdirməlidirmi?” sualına belə cavab verib: “İdeal variant bu olardı. Belə bir konsolidasiya olarsa, ən gözəli vahid namizədin müəyyənləşdirilməsidir. Lakin demokratik yarış da ola və iki namizəd də çıxa bilər. Məni maraqlandıran məsələ partiyanın bütövlüyünün qorunması, daxildə qarşıdurmaya yol verilməməsidir. Dinamik, gənc kadrlar partiyada rəhbərliyə gəlməli və CHP təməl siyasi kursuna sadiq qalaraq yola davam etməlidir. Əlbəttə ki, partiyanın pərişan, sahibsiz, darmadağın olmasına göz yuma bilmərəm. Cəmiyyətdə partiyamıza çox ciddi maraq yaranıb. Mənə bir qədər əvvələ qədər AKP rayon təşkilatının sədri olmuş insanlardan, AKP-yə səs verənlərdən, MHP-nin, Demokrat Partiyasının üzvlərindən çoxsaylı dəstək mesajları gəlir. Bunları bir yerə toplamalıyıq. Bu konsolidasiyanı mütləq mənim rəhbərliyim altında həyata keçirmək məcburiyyəti yoxdur. Mümkünsə, başqa şəxs olsun, mən də onun yanında fəaliyyətə davam edim. Mənim hansısa vəzifəyə ehtiyacım yoxdur. Cəmiyyətin tələbini vəzifə, rütbə olmadan da yerinə yetirə bilərəm”.

D. Baykal CHP liderliyinə kimin seçilməsinin daha məqsədəuyğun olacağına dair suala cavablında konkret ad çəkməyib: “Mənim ad çəkməyim çox yanlış olar. Bu məsələ partiyadaxili proses nəticəsində həllini tapmalıdır”.

D. Baykal məlum kaset və görüntülərlə əlaqədar nə təsdiqedici, nə də təkzibedici fikirlər söyləmədiyi üçün tənqidlərə məruz qalmasına da münasibət bildirib: “Məsələnin o tərəfi dedi-qodudan ibarətdir. Diqqətimi buna yönəltsəm, işin dedi-qodu tərəfi ilə daha çox maraqlanmış olaram”.

Qeyd edək ki, mayın 22-23-də Ankarada Cümhuriyyət Xalq Partiyasının qurultayı keçiriləcək. Hələlik partiyada heç kim D. Baykalın kreslosunu tutmaq istəmir. Lakin müşahidəçilər CHP parlament fraksiyasının həmsədri, son bələdiyyə seçkilərində İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizəd olaraq 2 milyon 576 min səs almış Kamal Kılıçdaroğlunu ən şanslı namizəd sayırlar. Qurultayda D. Baykalın CHP-nin fəxri sədri seçiləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR