Bank Of Baku

Koba Kobiaşvili: “Mən Gürcüstanda yaşayan azərbaycanlılardan xahiş edirəm ki, heç yerə köçüb getməsinlər, bizimlə birlikdə Gürcüstan dövlətçiliyini qursunlar”

Koba Kobiaşvili: “Mən Gürcüstanda yaşayan azərbaycanlılardan xahiş edirəm ki, heç yerə köçüb getməsinlər, bizimlə birlikdə Gürcüstan dövlətçiliyini qursunlar”
# 15 may 2010 22:24 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. “Mən Gürcüstanda yaşayan azərbaycanlılardan xahiş edirəm ki, heç yerə köçüb getməsinlər, bizimlə birlikdə Gürcüstan dövlətçiliyini qursunlar.”
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili mayın 15-də Marneulidə keçirilən Gürcüstanın Azərbaycanlı Gənclərin I qurultayında deyib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar istedadlıdırlar. “Biz istərdik ki, ölkəmizdə yaşayan azərbaycanlılar prokurorluq sistemində çalışsınlar. Lakin onlar dövlət dilini təmiz bilmirlər. İndi prokurorluq sistemində işləyən azərbaycanlılar var, onlar gürcü dilini bilmirlər, lakin təcrübələri böyükdür. Biz bu səbəbdən kadrlar seçə bilmirik. İndi gənclərlə iş aparırıq. Onlardan bir neçəsini Kutaisidə fəaliyyət göstərən dövlət idarəçilik məktəbinə də göndərmişik. İndi Gürcüstanda yaşayan azərbaycanlı ailələrin özləri dövlət dilini körpələrinə öyrətməkdə maraqlıdırlar. Nəticədə Gürcüstan dövlət strukturlarında çalışan kadrlarımız olacaq. Bizim birgə tariximiz var. Tarixdə bu iki dövlət bir-biri ilə heç vaxt savaşmayıb. Müasir şəraitdə Azərbaycanın rifahı bizi sevindirir”, Kobiaşvili deyib.
Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili bildirib ki, mən Bakıda olanda küçədə gedərkən mənim gürcü olduğumu bilənlər, mənə hörmətlə yanaşırdılar. “İndi Gürcüstanda da yəqin ki, hiss edirsiniz ki, gürcülər azərbaycanlılarla istiqanlı davranırlar. Ona görə, xahiş edirəm ki, bu ölkədən köçməyin, gəlin birlikdə dövlətçiliyimizi quraq.” Kobiaşvili inteqrasiya layihəsinə də münasibət bildirib: “inteqrasiyanın əsas təminatı dövlət dilini bilməyin vacibliyidir. İnteqrasiya bir günün işi deyil. Proseslər belə getsə, inteqrasiya öz bəhrəsini verəcək.”
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov öz çıxışında bildirib ki, mən burada səslənən bəzi sözlərlə razı deyiləm. “Biz 1989-91-ci illərdə Gürcüstanda baş verən çətinliklərə dözmüşüksə, indi heç yana gedəsi deyilik. “Bu gün Gürcüstan dövləti bizim üçün nə istəyirsiniz edir. Gürcü qardaşlarımız artıq bizə mehribanlıq göstərirlər. Novruz bayramında Gürcüstan prezidenti böyük tribunadan bu bayramı Milli Bayram elan etdi. Hər il bu bayram Gürcüstanın hər yerində gürcülərin də bayramı kimi qeyd ediləcək. Amma vaxt var idi ki, azərbaycanlılar yaşayan yerlərə işıq verilmirdi. Oğurluq, quldurluq baş alıb gedirdi. İndi hər iki ölkənin bir problemi var. O Abxaziya və Osetiya problemidir, Qarabağ problemidir. İnşallah onu da alacağıq.”

Azərbaycanın Millət vəkili Sabir Hacıyev bildirib ki, azərbaycanlılar gürcü cəmiyyətinə inteqrasiya olunublar, çünki onlar bu cəmiyyətin tərkib hissəsidir. Onun sözlərinə görə, soydaşlarımız Gürcüstanda miqrasiya edən deyil. “Sizlər bu cəmiyyətdə çox fəal və aparıcı rollarda olmalısınız. Hər kəs öz sahəsində mükəmməl və səriştəli insan olarsa o cəmiyyətdə layiqli yer tuta bilər. Dövlət qurumunda iştirak etmək üçün dil öyrənmək, buradakı qanunları öyrənib, öz vətəndaşlıq mövqeyini ortaya qoyub, fəal olmaq lazımdır. Bu mövqeyi nümayiş etdirsəniz, mütləq istəyinizə nail olacaqsınız” Hacıyev qeyb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR