Bank Of Baku

Kamal Kılıçdaroğlu: “Mübarizəmiz davam edəcək”

Kamal Kılıçdaroğlu: “Mübarizəmiz davam edəcək”
# 13 sentyabr 2010 08:50 (UTC +04:00)
Bakı – APA. Türkiyənin ana müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu referendumun nəticələrini hörmətlə qarşıladıqlarını, lakin bu nəticənin hakimiyyətin təzyiqi ilə ortaya çıxdığını deyib. APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, K. Kılıçdaroğlu bildirib ki, Türkiyə iki nəfərdən birini razı salan qərarla yoluna davam edə bilməz: “Bu nəticədən çıxarılacaq dərslər var. Ancaq unudulmamalıdır ki, xalqın iradəsinin sərbəst ifadə olunması üçün şərait yaradılmadı. İqtidar demokratik mədəniyyət imtahanından keçə bilmədi. AKP bu dəyişiklik paketi ilə tamamilə özünə bağlı olan bir məhkəmə hakimiyyəti qurmaq istəyir. CHP olaraq mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Yetərli saymasam da, 42 faiz gözəl nəticədir. “Xeyr” səsləri üçün necə çalışdığımızı hər kəs gördü. “Bəli” və “Xeyr” səslərini partiyalara verilmiş səslər kimi qəbul etmək olmaz”.

K. Kılıçdaroğlu referendumda səs verə bilməməsinin səbəbini də izah edib: “İstanbulda qeydiyyatda idim. Lakin ev ünvanım dəyişdikdən sonra mənim xəbərim olmadan adım seçici siyahısından çıxarılıb. Partiya üzvlərimiz və tərəfdarlarımızdan üzr istəyirəm. Çünki bu məsələdə mənim də səhvim var”.

Qeyd edək ki, CHP rəhbərliyi müxalifətin referendumdakı məğlubiyyətini Milliyyətçi Hərəkat Partiyasının elektoratının bir hissəsinin Konstitusiya dəyişikliyini dəstəkləməsi və istirahət zonalarında olan, bu səbəblə səs verə bilməyən vətəndaşların sayının çoxluğu ilə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR