Avropa Parlamenti Gürcüstana aid qətnamə qəbul etməyə hazırlaşır

Avropa Parlamenti Gürcüstana aid qətnamə qəbul etməyə hazırlaşır
# 16 noyabr 2011 16:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Avropa Parlamenti Gürcüstana aid qətnamə qəbul etməyə hazırlaşır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Gürcüstana səfərə gələn Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Gürcüstan prezidenti sabah Avropa parlamentinin Gürcüstan haqqında qətnaməyə baxacağını və sənəddə "ərazi işğalı" termininin yer alacağını deyib: "Hazırlanan bu qətnamə tarixi bir sənəddir. Sənədə görə, Avropa Birliyinin lüğətində "işğal" sözü əmələ gələcək. Bu çox vacib bir qətnamədir və bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Saakaşvili jurnalistlərə bu sənəd barədə gedən debatlardan məlumatı olduğunu vurğulayıb. Eyni zamanda prezident ümidvar olduğunu bildirib ki, sənədin qəbulu Gürcüstanın xeyrinə olacaq.

Prezident mətbuat konfransında AB-yə Gürcüstanın separatçı regionlarının tanınmaması barədə, eyni zamanda digər ölkələrə aid ardıcıl siyasət yeritdiyinə görə minnətdarlığını bildirib. "Bu ciddi dəstəkdir, buna görə Avropa Birliyinə minnətdarıq".

Ali komissar gələn ildən Gürcüstan və Avropa Birliyi arasında vizasız gediş-gəliş məsələsi barədə danışıqlar başlayacağını bildirib.

Gürcüstan prezidenti artıq güzəştli viza rejiminin qüvvədə olduğunu və bəzi kateqoriyalı vətəndaşların Avropaya sərbəst səyahət edə bildiyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR