Pentaqon rəhbərinin müşaviri Erik Geressi ABŞ qoşunlarının Almaniyadan tələsik çıxarılmayacağını, lakin Avropa ölkələrinin öz müdafiələrinə görə daha böyük məsuliyyət götürməli olduğunu bildirib.
"Süddeutsche Zeitung" və "Handelsblatt" nəşrlərinə müsahibəsində Geressi qeyd edib ki, qoşunların mümkün çıxarılması ilə bağlı müxtəlif variantlar araşdırılır.
“Bu məsələdə son sözü Prezident Donald Tramp deyəcək. Heç nə tələsik və düşünülməmiş şəkildə edilməyəcək”, – deyə o bildirib.
Geressi ABŞ müdafiə naziri Pit Heqsetin mövqeyini də xatırladaraq bildirib ki, Avropanın təhlükəsizlik məsələlərində əsasən ABŞ vergi ödəyicilərinə və Amerika hərbi gücünə arxalandığı dövr dəyişib.
“Avropa zəngindir və böyük imkanlara malikdir. Müttəfiqlərimiz öz müdafiələri üçün daha çox məsuliyyət daşımalıdırlar”, – deyə o vurğulayıb.