Bank Of Baku

Azərbaycanlı nazir müavini Beynəlxalq Miqrasiya Təşkilatının sessiyasında çıxış edib

Azərbaycanlı nazir müavini Beynəlxalq Miqrasiya Təşkilatının sessiyasında çıxış edib
# 05 dekabr 2011 22:41 (UTC +04:00)
Bakı-APA. 2011-ci ilin 5 dekabr tarixində Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının 100-cü sessiyası öz işinə başlayıb. Beynəlxalq Miqrasiya Təşkilatının 60 illiyinə təsadüf edən tədbir çərçivəsində yeni üzv və müşahidəçi dövlətlər təşkilata qəbul olunub, miqrasiya siyasəti və mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilatın fəaliyyətinin hazırkı durumu və gələcək perspektivləri müzakirə edilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Sessiyada iştirak edib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Beynəlxalq Miqrasiya Təşkilatının 100-cü sessiyasında çıxış edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Natiq Məmmədov tədbir iştirakçılarını ölkəmizdə əmək miqrasiyası proseslərinin hazırkı durumu və bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumatlandırıb. Ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı nəticəsində xaricdən Azərbaycana əmək miqrasiyasının artmaqda və ölkənin artıq xarici miqrantlar üçün təyinat ölkəsinə çevrilməkdə olduğu vurğulanıb. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, həm Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarının, həm də xaricdə əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının beynəlxalq normalara uyğun müdafiəsinə xüsusi diqqət yetirilir və bu məsələlər əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası müqavilələr çərçivəsində tənzimlənir. Azərbaycan Respublikasında miqrasiyanın tənzimlənməsinə yönəlmiş tədbirlər çərçivəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, bir pəncərə prinsipinin tətbiqi və qeyri-qanuni əmək miqrasiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər nəticəsində əməkçi miqrantların statusunun leqallaşdırılmasında müsbət nəticələrin əldə olunduğu, əmək miqrasiyası proseslərinin tənzimlənməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, xüsusilə Azərbaycan Respublikasının qoşulduğu “Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi” haqqında Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının həyata keçirilməsi üzrə tədbirlərin əhəmiyyəti vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR