Bank Of Baku

Tiflisdə “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX əsrlər)” adlı yeni kitab nəşr edilib

Tiflisdə “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX əsrlər)” adlı yeni kitab nəşr edilib
# 27 dekabr 2011 23:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda “Universal” nəşriyyatı tərəfindən Borçalıda yaşayan və uzun illər pedaqoji sahədə çalışan, şair-publisist Yusif Yusiflinin Azərbaycan dilində “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX əsrlər)” adlı yeni kitabı nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni nəşrin baş redaktoru və ön sözünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin Katibi Arif Əmrahoğludur. Məlumata görə, “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabı Yusif Yusiflinin doqquzuncu kitabıdır. 636 səhifədən ibarət bu kitab üç cilddə nəşr olunacaq. Kitabın birinci cildinə 1915-ci ilə qədər Borçalıda yaşayıb-yaratmış 46 nəfər şair və yazıçının həyat və fəaliyyəti daxil edilib. Müəllif kitabda Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünə, görkəmli Azərbaycan yazıçılarının Tiflis dövründəki ədəbi yaradıcılığına xüsusi diqqət yetirib, müxtəlif yazıçı və şairlərin yaradıcılığını xronoloji ardıcıllıqla qələmə alıb, əldə etdiyi əsərlərdən nümunələri birinci cildə daxil edib. Müəllif kitabın yazılmasında arxiv sənədlərinə, Borçalı ədəbi mühiti haqqında yazılan kitablara, məqalələrə, müxtəlif mənbələrə müraciət edərək, ədəbiyyat tariximizin qaranlıq məqamlarına aydınlıq gətirib.
Şair-publisist Yusuf Yusifli APA-ya açıqlamasında kitabda XVIII əsrdə yaşayıb-yaradan 6 şairin həyat və yaradıcılığı haqqında nadir məlumatlar topladığını bildirib. “Şübhəsiz ki, Borçalı ədəbi məktəbi tarixi XVIII əsrdən çox-çox əvvəllərdən başlayıb. Ümid edirəm ki, gələcək tədqiqatçılar bu dövr barədə daha səmərəli axtarışlar apararaq, samballı əsərlər yazacaq, ədəbi mühitimizin dərin qatlarına baş vuracaq, tədqiqatlarımızı zənginləşdirəcəklər.”
Kitab orta və ali təhsil məktəblərinin tələbələri, Borçalı ədəbi mühitini tədqiq edən alimlər və araşdırıcılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
“Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi (XVIII-XX əsrlər)” kitabı Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr edilib.
Qeyd edək ki, dekabrın 27-də Marneulidəki “ATA Holdinq” idman sarayında Yusif Yusiflinin yeni kitabının təqdimat mərasimi keçirilib. Tədbir Gürcüstanın dövlət strukturlarının, rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, jurnalistlərin, məktəb müəllimlərinin, QHT nümayəndələrinin, gənclərin iştirakı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR