Bank Of Baku

Qənirə Paşayeva: “Bu cür qərarlar Fransanın münaqişənin tənzimlənməsində neytral, obyektiv və tərəfsiz ola biləcəyini ciddi sual altına qoyur”

Qənirə Paşayeva: “Bu cür qərarlar Fransanın münaqişənin tənzimlənməsində neytral, obyektiv və tərəfsiz ola biləcəyini ciddi sual altına qoyur”
# 23 yanvar 2012 19:05 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Strasburqda keçiriliən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Fransa parlamentinin “erməni soyqırımı” iddialarını inkar edənlərin cəzalandırılmasına dair qəbul etdiyi qanun layihəsinə toxunub. “Bu kimi addımlar Avropa Şurasının və assambleyamızın dəyər və prinsiplərinə, söz və düşüncə azadlığı, tarixi araşdırmalar aparmaq azadlığı, insan azadlığı və insan haqları kimi dəyər və prinsiplərə tamamilə ziddir. Gəlin bu cür qərarların nələrə gətirib çıxara biləcəyini düşünək. Əgər Avropa Şurasına daxil olan ölkələrin parlamentləri, senatları biri-birinin tarixini özlərinə sərf edən kimi araşdırmağa başlasalar, tarixi faktlara deyil siyasi maraqlara söykənən bu cür qərarlar qəbul etsələr Avropa məkanında görün nələr baş verə bilər. Bilirsiniz ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri dəfələrlə Ermənistan rəhbərliyinə müraciət edərək “biz bütün arxivləri açmağa hazırıq. Siz də bütün arxivlərinizi açın. Dünya ölkələrində bununla bağlı nə qədər arxivlər var açılsın. Türkiyənin, Ermənistanın və bu məsələdə maraqlı olan bütün ölkələrin tarixçiləri oturub birgə araşdırma aparsınlar və biz o araşdırmaların nəticələrini qəbul etməyə hazırıq” deyiblər. Amma Ermənistan rəhbərliyi obyektiv tarixi araşdırmalar aparılmasını qəbul etməyib və bu gün də etmir. Çünki çox yaxşı bilirlər ki, belə bir soyqırımı olmayıb. Amma bütün bunlardan “erməni soyqırımı” iddialarını inkar edənlərin cəzalandırılması haqda qanunun qəbulu düşünə bilən hər bir insanda ciddi təəssüf doğurur. Fransada 500 minə yaxın türk kökənli insan yaşayır. Belə çıxır ki, bu qanundan sonra onları həbsxanalar gözləyir. O, zaman bəs insan azadlığı, insan haqları kimi dəyərlər nə olacaq? Sözdə erməni soyqırımı iddiaları ilə bağlı araşdırma aparıb fərqli fikir və tarixi faktlara əsaslanan fərqli yanaşma ortaya qoyan jurnalistlər, araşdırmaçılar, tarixçilər həbsxanalara salınacaqsa onda söz azadlığı, düşüncə azadlığı kimi dəyərlər nə olacaq? Gəlin bunları düşünək… Mən Fransadan olan həmkarlarıma və eyni zamanda bütün həmkarlarıma üz tutaraq səslənirəm. Tarixin, söz, düşüncə azadlığı, insan haqları kimi dəyərlərin siyasi maraqların qurbanına çevrilməsinə izn verməməliyik. Yoxsa bu günlə bərabər gələcək nəsillər üçün də Avropanın ümumi gələcəyi üçün də pis bir tendensiyanın əsasını qoya bilərik”, deyə Q.Paşayeva bəyan edib.

Millət vəkili Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri olması məsələsinə də toxunub. “Fransa həmsədr kimi neytral, obyektiv və tərəfsiz olmalıdır. Amma bu cür qərarlar Fransanın münaqişənin tənzimlənməsində neytral, obyektiv və tərəfsiz ola biləcəyini ciddi sual altına qoyur və Parisin vasitəçi roluna böyük zərbə vurur. Mən fransız həmkarlarımı bunları daha geniş düşünməyə çağırıram…”, deyə Q.Paşayeva çıxışını bitirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR