Bank Of Baku

Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı Bolnisidə tamaşa göstərib

Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı Bolnisidə tamaşa göstərib
# 12 aprel 2012 21:35 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonuna qastrol səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşa Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin və Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin köməyi ilə baş tutub. Teatrın gənc aktyorları görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin “Ağ bayraqlar” tamaşasını rayon mədəniyyət evinin səhnəsində əsl peşəkarlıqla nümayiş etdiriblər. Rolları məharətlə ifa edən gənc aktyorlardan Namiq Musayev, Aslan Məmmədov, Fazil Bayramov, Şeyla Cəfərova, Azər Əliyev, Vüqar Maşov, Binəli Akifov, Anar Rafiqoğlu dəfələrlə tamaşaçı alqışları qazanıblar.
“Ağ bayraqlar” tamaşasının quruluşçu rejissoru Namiq Valehoğlu APA-ya açıqlamasında qastrol səfərini azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Qardabani, Rustavi, Marneuli şəhərlərində də davam etdirəcəklərini bildirib. “Biz istəyirik ki, azərbaycanlı əhali Azərbaycan dilində səhnələşdirilən tamaşalara baxsınlar. Bu ayın axırında yenidən Elçin Əfəndiyevin “Qatil” tamaşasını Tiflisdə oynayacağıq. Biz indiyədək Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dörd tamaşa hazırlamışıq. Bizə belə bir dəstəyi Gürcüstan hökuməti də göstərməyə başlayıb. Bu, bizi sevindirir. Biz təkcə kəndlərimizə yox, Türkiyəyə də səfər etməyi planlaşdırırıq. Bunun üçün ciddi hazırlaşırıq. Çünki yaxşı bilirik ki, uğur qazanmağımız özümüzdən asılıdır.”
Qeyd edək ki, tamaşaya baxışda hökumət nümayəndələri, gürcü və azərbaycanlı ictimaiyyətin nümayəndələri, ziyalılar, QHT təmsilçiləri, jurnalistlər, şəhər sakinləri, ətraf bölgələrdən gələn azərbaycanlılar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR