“Şərqi Aralıq dənizi böhranında diplomatik irəliləyiş olmasa, Aİ Türkiyəyə sanksiyalar tətbiq edəcək”.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Jozep Borrel individual şəxslərə yönəldiləcək mümkün sanksiyaların siyahısını tərtib etməyə başlayacağını söyləyib. O bildirib ki, bu sanksiyalar aktivlərə, gəmilərə aid edilə, habelə Türkiyənin Avropa limanlarına girişinin məhdudlaşdırılmasına qədər genişləndirilə bilər: “Əgər diplomatik irəliləyiş olmasa, bu addımlar Aİ liderlərinin sentyabrın 24-də Brüsseldə keçiriləcək görüşündə müzakirə oluna bilər.
Türkiyə birtərəfli hərəkətlərdən çəkinməlidir. Bu, dialoqun inkişafı üçün vacib elementdir. Türkiyənin davranışı ilə bağlı artan məyusluq var. Biz dialoq üçün yer saxlamaqla ümumi maraqlarımızın müdafiəsində kollektiv güc göstərmək arasında incə bir xətt çəkməliyik . Biz dialoqa ciddi bir şans vermək istəyirik”.