"Orta dəhlizin rəqabət qabiliyyətliliyi və bizim logistika siyasətimizin effektivliyi baxımından Anaklia limanının inşası prioritet olaraq qalır".
APA-nın yerli bürosu xəbər verirki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava belə deyib.
O bildirib ki, limanın inşası ilə bağlı Regional İnkişaf və İnfrastruktur nazirliyi tərəfindən yaxın vaxtlarda yeni tender elan ediləcək.
"Regional İnkişaf və İnfrastruktur nazirliyi yeni tender üçün hazırlıqlar görür, amma mən bildiyim qədəri ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tenderin onların himayəsi altında keçirilməsini və onun hazırlanmasında iştirak etmək istədiyini ifadə edib. Bundan başqa Anaklia İnkişaf Konsorsiumunun Gürcüstanın birdən artıq dərin dəniz limanına ehtiyac duymaması ilə bağlı fikirlərini də eşitmişəm. Ümumilikdə bu bəyanat mənə inandırıcı gəlmir və konsorsium özü heç öz öhdəliklərini yerinə yetirə bilmədi. Ona görə də bu məsələlər biznes tərəfindən müəyyənləşdirilir və biz təqdim ediləcək layihələri gözləyirik", - deyə gürcü nazir qeyd edib.
Qeyd edək ki, yanvarın 9-da Gürcüstan hökuməti Anaklia İnkişaf Konsorsiumu ilə limanın inşası ilə bağlı sərmayə razılaşmasının ləğv edib. Razılaşmanın ləğv edilməsinin səbəbi kimi, konsorsiumun müqavilənin şərtlərindən irəli gələn ortamüddətli öhdəliklərinin yerinə yetirə bilməməsi göstərilib. Konsorsiumun xüsusilə də banklarla olan öhdəliklərini yerinə yetirə bilmədiyi bildirilib.