Aİ ölkələrinin səfirləri bu gün Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırmağa növbəti cəhd edəcəklər.
“POLITICO” nəşrinin yaydığı məlumata görə, uzun illər Rusiyaya qarşı sərt sanksiyaların qəbuluna əsas maneənin Macarıstanın keçmiş Baş naziri Viktor Orban olduğu bildirilsə də, onun hakimiyyətdən getməsindən sonra da Aİ daxilində fikir ayrılıqları aradan qalxmayıb.
Orbanın yerinə Peter Macyarın hakimiyyətə gəlməsindən və Budapeştin artıq sanksiyalara mane olmamasından sonra bir sıra üzv dövlətlər Rusiyaya qarşı daha sərt tədbirlərə etirazlarını açıq şəkildə müdafiə etməyə başlayıblar.
Avropa Komissiyasının iyunda təqdim etdiyi 21-ci sanksiyalar paketi üzrə müzakirələr zamanı enerji, balıq emalı, bank və gəmiçilik sahələri ilə bağlı bir sıra tədbirlər zəiflədilib və ya tamamilə çıxarılıb.
İndiyədək qəbul edilmiş 20 sanksiya paketindən sonra Aİ artıq üzv dövlətlərin milli iqtisadi maraqları ilə daha çox toqquşur və bu səbəbdən kompromis əldə etmək çətinləşib.
Yunanıstan Rusiyanın mayeləşdirilmiş təbii qazının Aİ şirkətləri vasitəsilə üçüncü ölkələrə daşınmasına qadağa qoyulmasına etiraz edib.
Avstriya isə Raiffeisen Bankın Rusiyadakı aktivləri ilə bağlı məsələni gündəmə gətirib.
Bir sıra ölkələrin etirazından sonra Rusiyadan balıq idxalının mərhələli dayandırılması ilə bağlı təklif də paketdən çıxarılıb.
Bundan başqa, Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin sanksiya siyahısına salınması və keçmiş Rusiya hərbçilərinə viza məhdudiyyətləri tətbiq edilməsi ilə bağlı müddəalar da üzv dövlətlərin etirazı nəticəsində zəiflədilib və ya yekun mətndən çıxarılıb.
Bununla belə, paket qəbul olunacağı təqdirdə onlarla Rusiya bankının SWIFT sistemindən ayrılması və 250-dən çox şəxsə Aİ-yə giriş qadağasının tətbiqi nəzərdə tutulur.
Nəşrin qeyd etdiyi kimi, güzəştlər Orbanın hakimiyyətdən getməsinin Moskvaya qarşı iqtisadi təzyiqlərin artırılmasını əhəmiyyətli dərəcədə asanlaşdıracağı ilə bağlı gözləntiləri doğrultmayıb.
Məqalədə adı açıqlanmayan Aİ diplomatlarından biri "Orban çətin tərəf idi, amma o, heç vaxt bütöv sanksiya paketlərini bloklamayıb", - deyə bildirib.