Avropa İttifaqı (Aİ) “Böyük Yeddilər” qrupunun (G7) Hiroşimada keçiriləcək sammitində Ukraynaya hərbi yardımı genişləndirmək və sürətləndirməklə bağlı israrla çıxış edəcək.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu gün Brüsseldə keçirilən mətbuat konfransında bildiriblər.
Von der Leyen ölkə liderlərindən iki əsas prinsipə riayət edəcəklərini gözlədiyini qeyd edib:
“İlk növbədə, Ukraynaya nə qədər lazımdırsa, həmin müddət ərzində dəstək göstəriləcək. Bu o deməkdir ki, 2023-cü ildən sonra da Ukraynaya baza maliyyə yardımı və sürətli hərbi yardım göstəriləcək.
İkinci prinsip isə, Ukrayna Prezidenti Vladimir Zelenskinin planına güclü dəstəyin göstərilməsidir”, - Ursula von der Leyen deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə öz növbəsində vurğulayıb ki, Ukraynanın hazırda daha çox hərbi yardıma ehtiyacı var və bu, onun əks-hücum həyata keçirə bilməsi üçün tez bir zamanda həyata keçirilməlidir.