Avropa İttifaqı (Aİ) Gürcüstanı Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalara qoşulmağa çağırıb.
APA xəbər verir ki, bu barədə bəyanatla Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano bu gün Brüsseldə keçirdiyi brifinq zamanı çıxış edib.
Peter Stano bildirib ki, Aİ ittifaqa üzvlüyə namizəd kimi Gürcüstanı Rusiyaya qarşı və bu ölkədən gələn uçuşların qadağan edilməsi ilə bağlı sanksiyalara əməl etməyə çağırır:
“Biz Rusiyadan gələn, Rusiyaya gedən birbaşa və bu ölkə üzərindən təşkil edilən digər uçuşları qəbul etməyə icazə vermirik”, - Stano vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin dünənki qərarına əsasən 15 maydan etibarən Gürcüstanla viza rejimi ləğv edilib, həmçinin Rusiya aviaşirkətləri üçün bu ölkəyə birbaşa reyslərə qoyulan qadağa aradan qaldırılıb.