Amerika Birləşmiş Ştatları sanksiya siyasətində Avropa ölkələrinin maraqlarını nəzərə almır.
APA xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Almaniya üçün Alternativ (AfD) partiyasından olan Bundestaqın deputatı Şteffen Kotre deyib.
“ABŞ sanksiya siyasətində avropalıların maraqlarını, ümumiyyətlə, nəzərə almır. Biz bunu keçmişdə görmüşük və yenidən də görürük. Ən yaxşı nümunə Avropa, xüsusən də Almaniya şirkətləri getdikdən sonra boşluqları dolduran şirkətlərdir. Məsələn, "Siemens" 2014-2015-ci illərdə Moskva səhiyyə sektorunu tərk etdi, onun yerini isə ABŞ-ın "General Electric" şirkəti tutdu”, - deyə deputat bildirib.
Kotre, həmçinin, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi ilə bağlı müzakirələri “alçaq davranış” adlandırıb. Onun fikrincə, bu baş verərsə, o zaman bütün dünya ölkələrinə aydın olacaq ki, Qərbdə artıq başqa dövlətlərin mülkiyyəti təhlükəsiz deyil, qanunun aliliyi yoxdur.