Birləşmiş Ərəb Əmirliklərində Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ilkin olaraq 4 noyabrda keçirilməsi planlaşdırılır.
“The Guardian” xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Varşavada Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.
O qeyd edib ki, Avropa siyasətçilərinin planlaşdırılan atəşkəs danışıqları ərəfəsində işgüzar təmas qurmasının məqsədəuyğun olacağı barədə məsləhətləşmələr aparılıb. Bu məsləhətləşmələrdə Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ tərəfi də iştirak edib.
Tusk deyib ki, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl onunla əlaqə saxlayaraq, bu təmasda siyasi məsuliyyəti üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər. Onlar, həmçinin, “İstəklilər koalisiyası”nın razılaşdırılmış mövqeyinə sadiq qalacaqlarını vurğulayıblar.
Polşanın Baş nazirinin sözlərinə görə, telefon danışığından sonra Aleksandr Stubb ona məlumat verib. O vurğulayıb ki, danışıq zamanı hər iki tərəf öz mövqeyini qoruyub saxlayıb. Avropa tərəfinin təəssüratı isə Əbu-Dabidə irəliləyiş əldə etmək imkanları ilə bağlı “çox ehtiyatlı nikbinlik” olub.
Tusk Rusiya ilə təmaslara ehtiyatla yanaşdığını bildirib və Stubb ilə Störeni Putinlə danışıqlarda ayıq-sayıq olmağa çağırıb.
“Rusiyanın gündəliyi və maraqları kifayət qədər dəqiq müəyyənləşdirilib. Razılaşma əldə ediləcəyinə dair heç bir illüziyaya qapılmaq olmaz”, – Tusk əlavə edib.