Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.
Milliyet-in məlumatına görə, qəza Taşağıl–Dərəbucaq yolu üzərində, Beydiğin məhəlləsində baş verib. İdarəetmədən çıxan minik avtomobili uçuruma yuvarlanıb. Hadisə yerinə sağlamlıq, yanğınsöndürmə, AFAD və jandarma qrupları cəlb edilib.
Xilasedicilər uçuruma enərək avtomobildə olan 5 nəfərin öldüyünü müəyyən ediblər. Yaralanan 2 nəfər təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
Antalya valisi Hulusi Şahin bildirib ki, avtomobildə ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yaralılardan biri hamilə qadındır və hadisə yerində aidiyyəti qurumların işi davam edir.