"Yaxın Şərqdə baş verənlər, İsrail və HAMAS arasında müharibə İsrail üçün, Qəzzadakı mülki əhali üçün və bütün dünya üçün bir fəlakətdir".
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel çıxışında deyib.
O qeyd edib ki, Almaniya XİN bu münaqişənin qığılcımının bütövlükdə regiona yayılmasının qarşısını almaq üçün işləyir. "Biz bu münaqişənin nəticələrini Ukraynada, Avropada hiss edirik", - nazir deyib.
Almaniya XİN rəhbəri azyaşlı uşaqların Qəzzada HAMAS-ın girovluğunda olduğunu, eyni zamanda Qəzzadakı uşaqların humanitar fəlakətdən əziyyət çəkdiyini vurğulayıb. "Atəşkəsin əldə olunması barədə danışırıq, bu texniki məsələ kimi səslənir əslində isə bu, uşaqların həyatının xilas olunması deməkdir".
O qeyd edib ki, Almaniya İsrailin özünümüdafiəsini dəstəkləyir ancaq "mülki itkilərin olmaması üçün də strategiyanın dəyişdirilməsinin vacibliyi"ni qeyd edir.
Almaniya XİN rəhbəri deyib ki, hazırda bu münaqişə çıxılmaz vəziyyət halını alıb, çünki hər iki tərəf bir-birini ittiham edir, ancaq qanunun aliliyinə, dünya nizamına inanan beynəlxalq ictimaiyyətin təmsilçiləri həll yolu tapılmasında öhdəlik nümayiş etdirməlidir.
O, Yaxın Şərqdəki münaqişənin həlli üçün iki dövlətli həll prinsipini dəstəklədiyini söyləyib.