Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Kərim Xan Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, Kiyevdə baş tutan görüşdə Kərim Xan müstəqil araşdırmalar üçün Ukrayna hökuməti ilə sıx əməkdaşlığı qiymətləndirdiyini deyib.
Tərəflər təması daha da fəallaşdırmaq və Ukraynada hərbi cinayət törədənləri məsuliyyətə cəlb etmək üçün tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru mülki vətəndaşların kütləvi şəkildə öldürüldüyü Buça şəhərində də olub.
“Ukrayna cinayət yeridir. Məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədildiyinə inanmaq üçün bizim səbəbli əsaslarımız olduğuna görə buradayıq. Həqiqətə çatmaq üçün müharibənin dumanını təmizləməliyik”, - Kərim Xan vurğulayıb.