Ağır günlərdən keçirik ancaq bütün dünyadan gördüyümüz sevgi və həmrəylik xalqımıza güc verir.
APA xəbər verir ki bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovina xarici işlər naziri Elmedin Dino Konakoviç ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Mövlud Çavuşoğlu bildirib ki, Bosniya Herseqovinadan 234 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib. "Onlar Hatay, Adıyaman və Kahramanmaraşda canla-başla çalışırlar fevralın 12-dən bəri 26 nəfəri xilas ediblər. Bosniya Herseqovina ölkəmizə çadırlar göndərdi, qida yardımı göndərməyi təklif etdi. Bütün bunlara görə təşəkkür edirik. Bu ölkədə müxtəlif qurumlar tərəfindən toplanan 30 ton humanitar yardım ölkəmizə gəlib. Biz bu ölkədən böyük məhəbbət görürük. Ağır günlərdən keçirik ancaq bütün dünyadan gördüyümüz sevgi və həmrəylik xalqımıza güc verir", Çavuşoğlu vurğulayıb.
Çavuşoğlu Bosniya Herseqovina xarici işlər nazirinin Türkiyənin zəlzələdən zərər görmüş bölgələrinə gedəcəyini də söyləyib. Çavuşoğlu bildirib ki onun həmkarı Hataya gedəcək və oradakı Bosniya və Herseqovinadan gələn axtarış-xilasetmə qrupu ilə görüşəcək.
Elmedin Dino Konakoviç ölkəsinin ən ağır anlarında ölkəyə yardıma gələn ilk ölkənin Türkiyə olduğunu deyib.
“Bizim üzləşdiyimiz bütün böhranlarda yardımımıza ilk gələnlər Türkiyədən gələn insanlar olub. Biz buna görə minnətdarıq. 2014-cü ildə ölkəmizdə təbii fəlakət oldu, güclü daşqınlar oldu onda da yardımımıza ilk gələn türkiyəli xilasedicilər oldu. O zaman bizə həm də böyük maddi ziyan dəymişdi". "Biz böyük ölkə deyilik, digər ölklər kimi böyük iqtisadi gücümüz yoxdur ancaq bizim Türkiyəyə qarşı duyğularımız var, biz Türkiyəyə ən çox xilasedicilər göndərən ölkələr arasındayıq. Türk xalqı ilə olduğumuzu, həmrəyliyimiz göstərmək bizim üçün vacibdir", nazir deyib.