"İsrail və Qəzzada baş verən son zorakılıq halları illərdir qeydə alınmamış səviyyədədir və bütün tərəflərdə daha çox ağrı və itki doğuraraq dramatik şəkildə yüksəlmə potensialına malikdir".
APA xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yaydığı bəyanatda bildirib.
Bəyanatda qeyd olunub ki, gərginliyin azaldılması ilə bağlı çağırışların çox az hissəsi eşidilir və getdikcə güclənən müharibə ritorikası daha çox mülki itkilərə səbəb olur.
BQXK humanitar fəlakət barədə xəbərdarlıq edib: "BQXK dərhal hər iki tərəfə humanitar yardım təklif edib və biz itkin düşənlərin müəyyən edilməsində səlahiyyətlilərə dəstək verməyə çalışırıq. Qəzzadakı xəstəxanaya tibbi ləvazimat göndərmişik.
BQXK qrupları yaralı və ya xəstə və ehtiyacı olanlara kömək etmək üçün Magen David Adom (MDA) və Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) ilə sıx əməkdaşlıq edir. Bu humanitar təşkilatların hər ikisinin işçiləri də zorakılığın qurbanı olublar; tibb işçiləri hər zaman qorunmalıdır".
Humanitar təşkilat bildirib ki, o hər iki tərəflə işləyərək ailələrin qovuşmasına, itkin düşənlərin taleyinin aydınlaşdırılmasına və yaralıların təxliyəsinə kömək etməyə hazırdır: "BQXK bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlik və məsuliyyətlərini xatırlatmaq üçün əlaqə saxlayıb. Biz humanitar yardıma çıxışı təmin etmək və cavab tədbirlərimizi əlaqələndirmək üçün tərəflərlə daimi təmasdayıq".
BQXK-nın Prezidenti Mirjana Spoljaric isə bildirib ki, münaqişələrdə mülki şəxslər ən ağır bədəli ödəyirlər. "Bu kritik anda biz tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə və mülki şəxslərin daha çox zərər çəkməsinin qarşısını almaq üçün mümkün olan bütün addımları atmağa çağırırıq. Bütün tərəflər təmkin nümayiş etdirməli və mülki şəxslərin həyatını və əmlakını qorumalıdır.
Mülki əhalinin öldürülməsi və pis rəftar Cenevrə Konvensiyaları ilə qadağandır. Bundan əlavə, Konvensiyalar yaralılara və xəstələrə qayğı göstərilməsini tələb edir. Saxlanılan insanlarla insanpərvər və ləyaqətlə rəftar edilməlidir. Girov götürmə beynəlxalq humanitar hüquqa əsasən qadağandır və girovlar zərər görmədən dərhal azad edilməlidir.
Elektrik və su şəbəkələri də daxil olmaqla, insanların yaşamaq üçün ehtiyacı olan həyati əhəmiyyətli infrastrukturlar hədəfə alınmamalıdır. Hər hansı hərbi mühasirədən asılı olmayaraq, hakimiyyət orqanları mülki şəxslərin təhlükəsiz su, qida və tibbi xidmət də daxil olmaqla, əsas ehtiyaclara çıxışını təmin etməlidir.
Biz neytral vasitəçi rolumuzda kömək etmək üçün əlimizdən gələni etməyə hazırıq", - Mirjana Spoljaric vurğulayıb.