Böyük Britaniya Ukraynaya uzaqmənzilli raketlər göndərəcək.
APA-nın Britaniya bürosunun “Sky News”a istinadən xəbərinə görə, bunu Britaniyanın müdafiə naziri Ben Uolles təsdiqləyib.
Nazir bildirib ki, “Storm Shadows” raketləri Ukrayna ordusuna veriləcək.
Qeyd edək ki, Ukrayna uzun müddətdir ki, bu cür silahları tələb edirdi, lakin ABŞ və digər ölkələr Rusiya ərazisinə zərbələrin eskalasiyaya səbəb olacağı təqdirdə onları tədarük etmək istəmirdilər.
Storm Shadow, British Aerospace və bir Fransız şirkəti tərəfindən hazırlanmış, 450 kq döyüş başlığını 560 km məsafəyə daşıyan uzunmənzilli, havadan buraxılan qanadlı raketdir. Razılaşmanın həyata keçirildiyi barədə xəbərlərə cavab olaraq Moskva bu addım “hərbçilərimizdən adekvat cavab tələb edəcək”, - deyə bildirib.
***
13:45
Birləşmiş Krallıq Ukraynaya “Storm Shadow” qanadlı raketləri tədarük edib.
APA CNN-ə istinadən xəbər verir ki, yeni raketlər Ukrayna Silahlı Qüvvələrinə uzunməsafəli zərbələr endirmək imkanı qazandırıb.
Stels qabiliyyətinə malik “Storm Shadow” qanadlı raketlərini Birləşmiş Krallıq Fransa ilə birlikdə inkişaf etdirib. Əsasən havadan buraxılan raketlərin 250 kilometr məsafəyə çata bildiyi bildirilir.
Raketlərin Ukraynanın uzun müddətdir ki, ABŞ-dan əldə etməyə çalışdığı quru-quru tipli ATACMS taktiki raket sistemlərinin qısaməsafəli versiyası olduğu bildirilib.
“Storm Shadow” qanadlı raketlərinin Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin dərinliklərinə zərbə endirmək qabiliyyəti olduğu açıqlanıb.
CNN-ə açıqlama verən britaniyalı rəsmi bildirib ki, Ukrayna sözügedən raketləri öz suveren ərazisindən kənarda istifadə etməyəcəyinə və Rusiya ərazisinə zərbə endirməyəcəyinə dair Birləşmiş Krallığa təminat verib.
ABŞ hərbi rəsmisi isə qeyd edib ki, sözügedən raket sistemləri oyun qaydalarını dəyişmək iqtidarındadır və Kiyevə müharibənin lap əvvəlindən əldə etməyə çalışdığı qabiliyyəti təqdim edir.
CNN-in məlumatına görə, Ukraynanın hazırda ABŞ tərəfindən tədarük edilmiş silahlarının maksimum uçuş trayektoriyası 78,8 kilometrdir.
Səid BABAZADƏ
Aytən ABBASLI