Böyük Britaniya hökuməti yeni müdafiə investisiya planı çərçivəsində hərbi xərcləri 10,7 milyard funt sterlinq (14,2 milyard dollar) azaltmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin təqdim etdiyi müdafiə planında deyilir.
Sənədə əsasən, hökumət növbəti dörd il ərzində yenidən silahlanmaya əlavə 15 milyard funt sterlinq ayıracaq. Bunun üçün isə cari xərclər və kapital qoyuluşları hesabına ümumilikdə 10,7 milyard funt sterlinq qənaət edilməlidir.
Qənaətin 3,7 milyard funtu satınalma və təchizat zəncirinin optimallaşdırılması, 3,3 milyard funtu kadr və digər resursların səmərəli idarə olunması, 2 milyard funtu isə infrastruktur xərclərinin azaldılması hesabına əldə olunacaq.
Plan çərçivəsində Böyük Britaniya "Storm Shadow" raketlərindən imtina edərək onların əvəzinə daha ucuz yeni nəsil qanadlı raketlərə keçəcək. Bundan başqa, 2027-ci ildən etibarən Wildcat hərbi helikopterləri istismardan çıxarılacaq, Type 83 esminesləri, Type 32 freqatları və təxminən 6 milyard funt sterlinq dəyərində "Skynet" 6 peyk rabitə sistemi layihəsi ləğv ediləcək.
Eyni zamanda hökumət pilotsuz uçuş aparatlarının istehsalına 5 milyard funt sterlinqdən çox vəsait yatıracaq, yaxın məsafəli PUA-lara qarşı müdafiə sistemlərinin hazırlanmasına 750 milyon funt sterlinq ayıracaq. Bundan əlavə, köhnəlmiş komanda-idarəetmə sistemlərinin yenilənməsinə 400 milyon, "Sky Sabre" zenit-raket komplekslərinin sayının iki dəfə artırılmasına 350 milyon, "DragonFire" lazer silahının hazırlanmasına isə 490 milyon funt sterlinq yönəldiləcək.