Böyük Britaniya sursat ehtiyatlarını bərpa etmək üçün 130 milyon funt sterlinq dəyərində güllə və artilleriya mərmisi alıb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ukraynada müharibə başlayandan indiyə qədər Kiyevə göndərilən silah-sursat yardımı Britaniya ordusunun ehtiyatlarını tükəndirib. Bu səbəbdən də yeni partiya güllə və mərmi ordunun arsenalına qəbul olunub.
Dövlət sifarişini “BAE Systems” şirkəti yerinə yetirib və Britaniya yerli silah istehsalının həcmini artırmağa çalışdığı üçün iyul ayında şirkətlə 280 milyon funt sterlinq dəyərində yeni sifarişə dair müqavilə imzalayıb.
Həmçinin əlavə olunub ki, Britaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində Kiyevə silah-sursat göndərmək, hərbçilərə təlim keçmək və digər yardımlar üçün ümumilikdə 4.6 milyard funt-sterlinq ayırıb.