İsveç üçtərəfli razılaşmadan qaynaqlanan öhdəliklərini tam yerinə yetirməyib.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Türkiyə İsveç tərəfindən istənilən konkret addımların atıldığını görmür: “İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı bəzi addımlar atıb, biz bunu inkar etmirik. Müsbət addımları müsbət qarşılayırıq. Lakin xüsusilə də İsveçin üçtərəfli razılaşmadan qaynaqlanan öhdəliklərini tam yerinə yetirdiyini demək realist yanaşma olmaz. Hazırda istədiyimiz konkret addımları görmürük”.
Mövlud Çavuşoğlu qeyd edib ki, İsveçdə qanunlar sərtləşdirilsə də PKK və YPG-nin özlərinə tərəfdar yığmaq fəaliyyətləri, terrorçuluğun maliyyələşdirilməsi, eləcə də terrorçu liderlərin təbliğatı istiqamətində fəaliyyətləri davam edir.
“Nəticə etibarilə bu qanunları bizi sözlə məmnun etmək üçün qəbul etməyiblər, verdikləri sözü tutub onların qarşısını almaq üçün qəbul ediblər. Bu qanunların tələblərini yerinə yetirmək məcburiyyətindədirlər. Necə ki, İŞİD-in tənliğatına icazə vermirlərsə PKK-ya da icazə verilməməlidir”, - deyə Çavuşoğlu bildirib.