NATO-ya üzvlüklə bağlı İsveçin konkret addım atması üçün hər kəsin bu ölkəni təşviq etməsi vacibdir.
APA xəbər verir ki bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə mətbuat konfransında deyib.
O bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Vilnüs Sammitinə qədər irəliləyişin əldə olunması İsveçin verəcəyi qərarlara bağlıdır. "İsveç hökuməti addımlar atıb, konstitusiyaya, qanunvericiliyə dəyişikliklər edilib, ancaq təəssüf ki, PKK tərəfdarlarının fəaliyyəti və onlara maliyyə dəstəyi və terror təbliğatının davam etdiyini görürük. Onlar bunu şəhərin mərkəzində hətta bələdiyyə binasının önündə edir”.
Çavuşoğlu onların məqsədinin İsveçin NATO-ya üzv olmasına əngəl törədilməsi olduğunu bildiklərini söyləyib.
“Ancaq eyni zamanda bu cür fəaliyyətləri əngəlləmək İsveç hökumətinin əlindədir. Biz İsveç Baş nazirin yaxşı niyyətini anlayırıq, o, Ankaraya səfər etdi, görüşlər keçirdi. Ancaq İsveç hökuməti nə qədər tez və müsbət addımlar atarsa, xalqımızı və parlamentimizi inandırarsa o zaman irəliləmə də əldə olunacaq. İsveçin konkret addım atması üçün hər kəsin bu ölkəni təşviq etməsi vacibdir", - Çavuşoğlu vurğulayıb.
O əlavə edib ki, Türkiyə Prezidenti Finlandiyanın üzvlüyü məsələsi ilə bağlı fərqli yanaşma göstərilə biləcəyini bildirib.