Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komissarı Eva Höql orduya dair illik hesabatını yayıb.
APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, hesabatda ordudakı ciddi çatışmazlıqlar qeyd olunur.
Liberal deputat Markus Faber bildirib ki, hücum təhlükəsi zamanı silahlı qüvvələr Konstitusiya ilə müəyyən edilmiş vəzifəsini – ölkənin müdafiəsini lazımi səviyyədə icra etməyə hazır deyil. Donanmaya məxsus binaların yalnız 30%-i tam işlək vəziyyətdədir. HHQ-nə məxsus təyyarələrin əksəriyyəti uçuşa hazır deyil. Quru qoşunlarına məxsus 350 “Puma” zirehli transportyorunun yalnız 40-ı döyüşə hazır vəziyyətdədir. Şəxsi heyət çatışmazlığı da ciddi hiss olunur. 1990-cı ildə sayı yarım milyona çatan orduda indi 180 000 nəfər xidmət edir.
Deputatın fikrincə, ordunu tam müasir səviyyəyə çatdırmaq üçün böyük maliyyə və 8 il vaxt lazımdır. Lakin silahlı qüvvələrə böyük həcmdə vəsait ayrılmasına qarşı çıxanlar da çoxdur.