Noyabrın 10–11-də Əbu-Dabidə keçiriləcək ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların kuluarlarında dörd Avropa ölkəsinin nümayəndələrinin də iştirakı gözlənilir.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Almaniyanı görüşdə Kanslerin xarici siyasət üzrə müşaviri Günter Zautter təmsil edəcək. O, həmçinin Avropa üçlüyündə Almaniyanın nümayəndəsidir və “Berlin formatı” üzrə koordinasiya işlərini həyata keçirir.
Böyük Britaniyadan nümayəndə heyətinə Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin daxil ola biləcəyi bildirilir. Nəşr onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla sıx əlaqələrə malik olduğunu qeyd edir.
İtaliyadan Baş nazir Corcia Meloninin müşaviri Fabritsio Saccio, Fransadan isə Prezident Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonnun Əbu-Dabiyə səfəri gözlənilir.
Bununla belə, Avropa nümayəndələrinin üçtərəfli danışıqlar masasında yer almayacağı bildirilir.
“Euronews”un əvvəlki məlumatına görə, NATO-nun Baş katibi Mark Rüttenin aparat rəhbəri və strateji məsələlər üzrə müşaviri Cefri van Levenin də Ukraynaya dəstək qrupuna qoşulması nəzərdə tutulur.