Finlandiya XİN başçısı İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlamasına düzəliş edib

Finlandiya XİN başçısı İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlamasına düzəliş edib
# 24 yanvar 2023 14:26 (UTC +04:00)

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkəsinin İsveçlə birgə NATO-ya eyni vaxtda üzv olmaq qərarının dəyişmədiyini bildirib.

APA YLE-yə istinadən xəbər verir ki, bu barədə Finlandiya XİN başçısı bu gün parlamentdə jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında danışıb.

Haavisto həm NATO-nun Baş katibi Yens Stoltenberq, həm də İsveçin xarici işlər naziri Tobias Billström ilə son hadisələri müzakirə etdiyini deyib.

"Həmkarım Billström və mən razılaşdıq ki, bütün bu etirazlara baxmayaraq, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı birgə səylərimiz davam edəcək. Biz çalışırıq ki, hər iki ölkə öz üzvlüyünü ratifikasiya etsin və eyni vaxtda NATO üzvü olsun. NATO-nun Türkiyəyə mesajı çox açıqdır. Ümid odur ki, Finlandiya və İsveçin üzvlükləri eyni vaxtda təsdiqlənəcək. Türkiyə də bunu qeydə alıb", - nazir qeyd edib.

O bildirib ki, İsveçdəki hadisələrdən sonra Finlandiyanın yanaşmasında heç bir dəyişiklik olmayıb.

XİN başçısının sözlərinə görə, NATO-da da Stokholmdakı hadisələrdən sonra onların üzvlük müddətinə necə təsir edəcəyi ilə bağlı narahatlıqlar yaranıb: “Əlbəttə, müzakirələrimiz zamanı mən təsdiqlədim ki, bizim İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq istəyimiz var. Məqsəd hələ də Finlandiya və İsveçin birlikdə NATO-ya daxil olmasıdır. Stoltenberq də təsdiqlədi ki, NATO-nun mütləq prioriteti Finlandiya və İsveçin eyni zamanda alyansa üzv olmasıdır".

Qeyd edək ki, bu gün səhər Finlandiya XİN başçısı YLE-yə müsahibəsində bildirmişdi ki, İsveçin müraciəti daha uzun müddət gecikdirilərsə, Finlandiya NATO-ya üzvlük ərizəsini İsveçlə eyni vaxtda təşviq etmək məsələsinə yenidən baxmalı olacaq.

Bu açıqlama İsveçdə narahatlığa səbəb olub. İsveç xarici işlər naziri Tobias Billström deyib ki, o, finlandiyalı həmkarı ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı daha ətraflı açıqlama tələb edəcək.

Finlandiyanın müdafiə naziri Mikko Savola da məsələyə münasibət bildirib. Bununla bağlı o, "Twitter" hesabında paylaşım edib. "İndi soyuqqanlı yanaşmaq vacibdir. Biz İsveçlə eyni vaxtda NATO-ya üzvlük üçün müraciət etmişik. Finlandiya, İsveç və NATO-nun marağındadır ki, biz bu proses birlikdə tamamlayaq", - o, paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR