Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Kiyevə səfər edib.
APA xəbər verir ki, bu barədə “UNIAN” məlumat yayıb.
Avropa liderlərini Kiyev dəmiryolu vağzalında Ukrayna rəsmiləri qarşılayıblar.
Onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Qeyd edilib ki, liderlər Moskvanı qeyd-şərtsiz 30 günlük atəşkəsə çağırmağı planlaşdırır.
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Ukraynanın paytaxtında “istəklilər koalisiyasını” salamlamaqdan məmnundurlar.
Onun sözlərinə görə, tərəfləri çoxlu iş və müzakirə olunmalı bir sıra mövzular gözləyir.
“Bu müharibəyə ədalətli bir sülhlə son qoymaq lazımdır. Moskvanı atəşkəsə getməyə məcbur etmək lazımdır,” – deyə Yermak əlavə edib.
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı səfər barədə onu məlumatlandırıb. Tramp da bu təşəbbüsə dəstək verib.
Bu səfər Avropa–ABŞ əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ilk dəfə olaraq ABŞ və Avropa hansısa konkret bir məsələdə – Ukraynadakı müharibənin sona çatdırılması səylərində ortaq mövqedən çıxış edirlər.
***
07.23
Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Kiyevə yola düşüblər.
APA xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, siyasətçilər Polşanın baş naziri Donald Tuskla birlikdə 10 may tarixində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar. Görüş zamanı Ukraynaya gələcək dəstək məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, birgə bəyanatlarında onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəklədiklərini bildiriblər.
Onların fikrincə, bu atəşkəs ədalətli və davamlı sülh haqqında müzakirələr üçün şərait yaratmalıdır.