Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) son bir neçə gündə Tbilisi və Batumidəki ticarət mərkəzlərinə bomba qoyulması xəbərləri ilə bağlı məlumat yayıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, qurumun bəyanatında sözügedən zənglərin ölkə xaricindən edildiyi qeyd edilib.
Bildirilib ki, yanvarın 21-də Batumidə ticarət mərkəzlərinə bomba qoyulması ilə bağlı xəbərdarlıq da ölkə xaricindən daxil olub. Xəbərdarlığın qəbul edilməsindən sonra DTX-nın anti-terror bölmələri və DİN ticarət mərkəzlərində və təhsil müəssisələrində axtarış aparıblar, lakin heç bir partlayıcı vasitə aşkarlanmayıb.
“Bu insidentlər Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdən azyaşlıların iştirak etdiyi beynəlxalq onlayn oyunlarla bağlıdır. Bu mesajların təşəbbüskarı xaricdəki spesifik qrup şəxslərdir”, - DTX-nın məlumatında qeyd olunub.
Məlumata görə yalan zəng üçün qəsdən azyaşlı Gürcüstan vətəndaşının mobil nömrəsindən istifadə edilib. Faktla bağlı araşdırmaların davam etdirildiyi, DTX-nın yalan mesajlar ötürənlərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə tərəfdaş ölkələri məlumatlandırdığı qeyd olunub.
Vurğulanıb ki, anoloji əməllər dekabrın 30-da və yanvarın 17-də də törədilib.