"Ukraynadakı müharibənin bitməsinin yeganə yolu odur ki, Rusiya bu müharibəni dayandırsın. Rusiya öz ordusunu geri çəkərsə və müharibəni dayandırdığını elan edərsə, müharibə sabah da dayana bilər".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçin xarici işlər naziri Tobias Billström bildirib.
"Ancaq Ukrayna bu müharibəni dayandırarsa, o zaman Ukrayna suveren və azad bir ölkə və xalq kimi mövcudluğunu itirəcək", - deyə İsveç XİN başçısı əlavə edib.
"Beləliklə də, irəliləməyin yeganə yolu və məqsədimiz Rusiyanın döyüş meydanında hərbi məğlubiyyətidir. Bu həm İsveç hökumətinin, həm də bizim Aİ-də sədrliyimizin siyasətidir. Rusiyanın hərbi məğlubiyyəti üçün isə biz Ukraynaya hərbi, siyasi, maliyyə və humanitar dəstək verməliyik", Billstöm vurğulayıb.