İsveçdə yeni koalisiya hökumətinin qurulması barədə razılıq əldə olunub.
APA "Sverigesradio"ya istinadən xəbər verir ki, bu barədə İsveçin Mötədillər Partiyasının mühafizəkar lideri Ulf Kristersson bəyan edib.
Onun sözlərinə görə, yeni hökumət Mötədillər, Xristian Demokratlar və Liberallardan ibarət olacaq.
Hökumət İsveç Demokratları ilə əməkdaşlıq edəcək. Belə ki, sentyabrda keçirilən seçkilərdə ən böyük sağçı partiya olaraq ortaya çıxan İsveç Demokratları hökumətin qurulmasını dəstəkləməyə razılaşsa da, onun bir hissəsi olmayacaq.
İsveç parlamenti Kristerssonun təyinatının əleyhinə səs vermədiyi təqdirdə o, Baş nazir olacaq.
Qeyd edək ki, Parlament daxilindəki sağçı blok, o cümlədən İsveç Demokratları, son seçkilərdə cüzi səs çoxluğu ilə qalib gələrək 349 üzvlü parlamentdə 176 yeri əldə edib.
İsveçin ən böyük partiyasına rəhbərlik edən Sosial Demokrat Baş Nazir Maqdalena Andersson məğlubiyyətini etiraf edib, lakin yeni hökumət qurulana qədər müvəqqəti olaraq vəzifəsini davam etdirir. Anderssonun partiyası 107 yer üçün 30,33% səs toplasa da, solçu koalisiya çoxluq təşkil etmək üçün kifayət qədər səs toplaya bilməyib.