Moskva Moldovaya təzyiq göstərməyə davam edir.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Moldova Baş naziri ilə birgə mətbuata açıqlamasında deyib.
Baş katib bildirib ki, Moskva Moldova cəmiyyətində qeyri-stabillik yaratmaq və ölkədəki demokratiyanı təhdid etmək məqsədilə enerji şantajından, eyni zamanda, dezinformasiyadan istifadə edir.
Onun sözlərinə görə, Moldova Rusiyanın təzyiqlərinə qətiyyətlə cavab verib, Moldova Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyib və ölkə daxilində dayanıqlılığı gücləndirmək istiqamətində addımlar atıb.
“NATO Moldovanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və biz Rusiyanı öz qüvvələrini Moldova ərazisindən geri çəkməyə çağırırıq. Moldova bizim davam edən yardımımıza güvənə bilər”, - NATO Baş katibi vurğulayıb.
Stoltenberq xatırladıb ki, bu ilin əvvəlində NATO Moldovaya kibertəhlükəsizlik və strateji kommunikasiyaları gücləndirmək üçün yardım ayırıb.
Baş katib onu da deyib ki, Vilnüs sammitində Moldova ilə siyasi və praktiki əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə olunub ki, bu da Moldovanın Aİ-yə üzvlüyü yolunda bu ölkəyə kömək edir.
Stoltenberq Moldova Baş nazirinə NATO-nun Kosovadakı missiyasına dəstək verdiklərinə üçün təşəkkür edib.