Avropanın ifrat sağçı siyasi qüvvələri 2029-cu ildə keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra Brüsseldə siyasi güc balansını dəyişməyi hədəfləyir.
“Politico”nun məqaləsində qeyd olunur ki, Avropa Parlamentində “Patriotlar Avropa üçün” (Patriots for Europe) qrupunun həmsədri, Macarıstanın hakim FİDES partiyasının üzvü Kinga Qalın sözlərinə görə, bunun üçün ilk növbədə ifrat sağçı siyasi qüvvələr bir sıra Avropa ölkələrində hakimiyyətə gəlmək və milli hökumətlər vasitəsilə Avropa İttifaqının siyasətinə təsir imkanlarını artırmaq istəyirlər.
O bildirib ki, əsas məqsəd üzv partiyaların öz ölkələrində seçkilərdə qələbə qazanmasına və hökumətdə təmsil olunmasına dəstək verməkdir. Bu, onlara Avropa İttifaqı Şurası səviyyəsində dəyişikliklərə nail olmaq imkanı yaradacaq.
Qal qeyd edib ki, qarşıdakı dövrdə Fransa, İtaliya və Polşada keçiriləcək seçkilər Avropa İttifaqında siyasi mənzərəni ciddi şəkildə dəyişə bilər. O, həmçinin “Patriotlar Avropa üçün”, “Avropa Mühafizəkarları və İslahatçıları” və “Suveren Millətlər Avropası” qrupları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Kinga Qal hesab edir ki, Avropa Xalq Partiyası (EPP) yaxın illərdə ifrat sağçılarla əməkdaşlığa qoyulan qeyri-rəsmi siyasi məhdudiyyətləri tamamilə aradan qaldıra bilər. Onun fikrincə, milyonlarla seçicinin siyasi iradəsini nəzərə almamaq mümkün deyil.
Qal Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını və daha çox qərarvermə hüququnun üzv dövlətlərə qaytarılmasını da əsas hədəflərdən biri kimi göstərib.
“Patriotlar Avropa üçün” qrupunun Avropa İttifaqı Şurasında təsir imkanları artacağı təqdirdə, Ursula fon der Lyayenin vəzifədən uzaqlaşdırılmasına çalışıb-çalışmayacaqları ilə bağlı suala Kinga Qal belə cavab verib: “Bəli. Biz artıq Avropa Parlamentində buna cəhd etmişik”.
O, son iki il ərzində təqdim edilmiş, lakin uğursuzluqla nəticələnmiş iki etimadsızlıq təşəbbüsünü xatırladıb.