Polşanın Krakov şəhərində üzərində bıçaq olan 23 yaşlı kişi polis tərəfindən saxlanılıb.
APA xəbər verir ki, bu barədə RMF radiostansiyası məlumat yayıb.
Malopolska polisinin mətbuat katibi Katajina Tsislonun sözlərinə görə, saxlanılma zamanı polis əvvəlcə xəbərdarlıq atəşi açıb. Daha sonra polis əməkdaşlarından biri kişiyə atəş açsa da, güllə ona dəyməyib.
Saxlanılan şəxs xəstəxanaya aparılıb.
Hadisə yerli vaxtla saat 03:00 radələrində baş verib. İlkin məlumata görə, insident noyabrın 7-də Krakovun Baş meydanında baş verən silahlı hücumla əlaqəlidir.
Xatırladaq ki, həmin hücum zamanı 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 12-nin vəziyyəti ağırdır. Hücumda şübhəli bilinən 24 yaşlı şəxs saxlanılarkən yaralanıb. Daha sonra onun mənzilində üç nəfərin meyiti aşkarlanıb.
***
03:28
Polşa polisi Krakov şəhərində atışma törədən şəxsin evində daha üç nəfərin meyitini aşkarlayıb.
APA xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.
Məlumatı ölkənin Baş naziri Donald Tusk da təsdiqləyib. Onun sözlərinə görə, evdə iki qadın və bir kişinin meyiti tapılıb.
Tusk onların şübhəlinin yaxın ailə üzvləri olduğuna dair çoxsaylı əlamətlərin olduğunu bildirib.
***
21:29
Polşanın Krakov şəhərində, əsas meydan yaxınlığında naməlum şəxsin insanlara atəş açması nəticəsində ölənlərin sayı altıya çatıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə nəticəsində 15 nəfər yaralanıb. Yaralananlardan ikisi polis əməkdaşıdır.
Şəhər polisi atəş açan şəxsin kimliyini müəyyənləşdirib. Polisdən verilən məlumata görə, şübhəli Polşa vətəndaşıdır və hadisəni törətməkdə hazırda məlum olan yeganə şəxsdir.
Polis sosial şəbəkədə yaydığı açıqlamada hadisə ilə əlaqədar polis əməkdaşının öldüyü və başqa şübhəlinin axtarıldığı barədə məlumatları təkzib edib. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
RMF24 teleradio şirkətinin məlumatına görə, saxlanılan şəxsin 25 yaşı var.
***
19:13
Polşanın Krakov şəhərinin mərkəzində atışma baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.
APA xəbər verir ki, ilkin məlumatlara görə, atəş hərəkətdə olan avtomobildən açılıb. Hücumun səbəbi hələlik məlum deyil.
Hadisə ilə əlaqədar şəhərin mərkəzi meydanı mühasirəyə alınıb, əraziyə helikopter cəlb edilib.
Polşanın Baş naziri Donald Tusk vəziyyətlə bağlı mütəmadi məlumatlandırıldığını bildirib.