Bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı MAA yayıb. Qurumun məlumatına görə, hər bir müraciətlə bağlı qərar hava yolu şirkətinin və onun təyyarələrinin beynəlxalq sanksiyalarla bağlı statusu detallı araşdırıldıqdan sonra qəbul ediləcək:
"Gürcüstanın qətiyyətli mövqeyi bundan ibarətdir ki, Gürcüstanla Rusiya Federasiyası arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan hava yolu şirkətləri və təyyarələr vasitəsilə həyata keçirilə bilər",- məlumatda bildirilib.
Qeyd edilib ki, MAA hazırda Rusiya Federasiyası ilə birbaşa aviareyslər həyata keçirən, lakin eyni zamanda sanksiyalara riayət edən ölkələrin təcrübəsinin öyrənir və məsləhətləşmələr edir.
***
11:25
Rusiya aviaşirkətləri müntəzəm uçuşların başlanmasına icazə verilməsi üçün Gürcüstan hakimiyyətinə müraciət ediblər.
APA-nın Moskva müxbiri RBK-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gündən etibarən Gürcüstan vətəndaşları Rusiya Federasiyası ərazisinə vizasız səfər edə biləcəklər. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Gürcüstan vətəndaşları üçün viza rejimi mayın 15-dən ləğv olunub. Eyni zamanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağası da aradan qaldırılıb.
Səid Babazadə
Fərid Əkbərov