Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda keçiriləcək görüşünün əsas nəticələrindən biri enerji və dəniz atəşkəsinə nail olunması ola bilər.
“Ukrayinskaya Pravda” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Sloveniya xarici işlər naziri Tone Kayers ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ABŞ-ın bu istiqamətdə səylərini alqışlayırlar və Vaşinqtonun fəal iştirakı ilə buna nail olmağın mümkün olduğunu düşünürlər.
“Biz tərəfdaşlarımızın, xüsusilə ABŞ-ın bunun baş verməsinə yönəlmiş səylərini alqışlayırıq və hesab edirik ki, məhz ABŞ-ın fəal iştirakı ilə buna nail olmaq realdır. Biz Prezident Zelenskinin BMT Baş Assambleyası çərçivəsində Prezident Trampla görüşünə hazırlaşırıq və hesab edirəm ki, bu görüşün əsas nəticələrindən biri atəşkəsə nail olmaq ola bilər”, - Sibiqa bildirib.
Nazirin sözlərinə görə, söhbət həm enerji sahəsində, həm də Qara dənizdə atəşkəsdən gedə bilər.
Sibiqa vurğulayıb ki, Ukrayna müharibəyə son qoymaq istəyir.
“Bizim təkliflərimiz və bunun necə həyata keçirilməsinə dair baxışımız var. Bizə dünya ictimaiyyətinin dəstəyi lazımdır və Rusiyanın xoş niyyətləri ilə bağlı istənilən illüziyanı unutmaq lazımdır. Rusiya yalnız təzyiqi anlayır”, - Ukrayna XİN rəhbəri qeyd edib.