"Birmənalı şəkildə əsaslandırıldığı halda Ukraynada "Telegram-ın bloklanması mümkündür, məsələn, ölkəmizin Milli Təhlükəsizlik və Müdafiə Şurası bu applikasiyaya sanksiyaların tətbiqi ilə bağlı qərar verərsə".
APA xəbər verir ki, bunu Ukrayna Ali Radasının söz azadlığı komitəsinin rəhbəri Yaroslav Yurçişin “RBK-Ukrayna”ya müsahibəsində bildirib.
O deyib ki, sözügedən sosial şəbəkə vasitəsilə informasiya sızdırılmasından sonra yaranan kritik vəziyyətdən sonra "Telegram"a qarşı sanksiyaların tətbiqi məsələsi meydana çıxa bilər.
"Telegram"ı bloklamaq üçün aydın arqumentə malik olmaq lazımdır – məsələn, sanksiyalarla bağlı Milli Təhlükəsizlik Şurasının qərarı", - o deyib.
Ukraynalı deputat "Telegram" üzərində Rusiyanın mümkün nəzarətinə toxunaraq, "ayrı-ayrı istifadəçilərin bütün məlumatlarının qorunub saxlanılmasına və Rusiyanın xüsusi xidmət orqanlarına ötürülməməsi ilə bağlı zəmanət yoxdur", -deyə bildirib.
"Durovun (Pavlo Durov, "Telegram " və VK-nin təsisçisi - Red.) "Telegram"ın sahibi olduğuna dair 100% zəmanətimiz varmı? Bundan başqa, Durovun Rusiya pasportundan imtina etməsi ilə bağlı heç bir məlumat yoxdur." , - deyə siyasətçi bildirib. O əlavə edib ki, bu aplikasiyanın iddia edilən sahibi hazırda Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır, lakin bu fakt onun Rusiya vətəndaşlığından imtina etməsi demək deyil.
Yaroslav Yurçişin bildirib ki, aplikasiyanın rəhbərliyi hazırda Ukrayna hakimiyyəti ilə əlaqə saxlamaqdan və Rusiya təbliğatını yayan kanalları bloklamaqdan imtina edir. Deputat vurğulayıb ki, belə şəraitdə "Telegram"ın bloklanması “əlbəttə ki, məntiqli” görünür.