Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təşəbbüsləri İslam dünyasında əməkdaşlığın genişlənməsinə xidmət edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində mühüm rol oynayır: “Prezident İlham Əliyevin oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsi, görüşdə səslənən fikirlər Azərbaycanın İslam dünyasında tutduğu mövqeyi, təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir”.
Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir
Ceyhun Məmmədov qeyd edib ki, İƏT Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir və bu il ölkəmizin təşkilata üzvlüyünün 35 ili tamam olur: “Bu müddət ərzində Azərbaycan İslam dünyasının birliyini və həmrəyliyini dəstəkləyib, təşkilatın fəaliyyətində fəal iştirak edib və üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfələr verib. İƏT Baş katibinin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etməsi, Ulu Öndərin Azərbaycanla təşkilat arasındakı əlaqələrin qurulması və inkişafındakı xidmətlərini xüsusi qeyd etməsi tarixi əhəmiyyət daşıyır. Baş katibin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi hadisə kimi dəyərləndirməsi, eləcə də Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Prezident İlham Əliyevin səylərini dəstəkləməsi ölkəmizin regional və beynəlxalq məsələlərdəki mövqeyinə verilən diqqəti göstərir”.
İslam həmrəyliyi konkret təşəbbüslərlə möhkəmləndirilir
Deputat vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi bəyanatlarla deyil, konkret təşəbbüslər və layihələrlə dəstəkləyir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın təşviqinə xidmət edir. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu siyasətin mühüm nümunələrindəndir. Ölkəmizin təşəbbüsü ilə 2004-cü ildə İslam Əməkdaşlığı Gənclər Forumu və onun Avrasiya Regional Mərkəzi yaradılıb, 2023-cü ildə isə Bakıda İƏT Əmək Mərkəzi təsis olunub. Azərbaycanın İslamofobiya ilə mübarizə mövzusunu beynəlxalq gündəlikdə təşviq etməsi, bu istiqamətdə beynəlxalq konfranslar təşkil etməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İslam mədəni irsinin qorunmasına da böyük diqqət yetirir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin bərpası, Heydər Əliyev Fondunun xarici ölkələrdə tarixi-dini abidələrin qorunması və təmiri istiqamətində həyata keçirdiyi layihələr bu fəaliyyətin mühüm istiqamətləridir”.
Dezinformasiyaya qarşı birgə mübarizə vacibdir
Ceyhun Məmmədov bildirib ki, görüşdə İslam dünyasına və Azərbaycana qarşı yönələn dezinformasiya və qarayaxma kampaniyalarına qarşı birgə fəaliyyətin vacibliyinin vurğulanması diqqət çəkir: “Bu cür hallara qarşı mübarizə üzv dövlətlərin əlaqələndirilmiş mövqeyini, informasiya sahəsində əməkdaşlığını və obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasını tələb edir. Azərbaycan dünyəvi inkişaf modelini qorumaqla yanaşı, İslamın mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirən ölkə kimi dinlərarası dialoqa və mədəniyyətlərarası anlaşmaya töhfə verir”.

İƏT-in 2027-ci ildə Bakıda keçiriləcək Zirvə görüşü ölkəmizin İslam dünyasındakı mövqeyinin göstəricisidir
Deputat deyib ki, 2027-ci il iyunun 23-24-də Bakıda İƏT-in XVI İslam Zirvə Konfransının keçirilməsi və Azərbaycanın təşkilata sədrlik etməsi ölkəmiz üçün mühüm məsuliyyət və yeni əməkdaşlıq imkanları yaradacaq: “Bundan əvvəl, iyunun 1-2-də İƏT İnformasiya Nazirləri Konfransının XIII sessiyasının da Bakıda keçirilməsi nəzərdə tutulur”.
Ceyhun Məmmədov Şuşanın İƏT tərəfindən 2026-cı il üzrə turizm paytaxtı seçilməsini və bu ilin iyununda Bakıda təşkilatın üzv dövlətlərinin Parlament İttifaqının XX sessiyasının keçirilməsini də Azərbaycanın İƏT çərçivəsində artan fəallığının nümunələri kimi dəyərləndirib: “Qarşıdakı Zirvə görüşü Azərbaycanın İslam dünyasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq problemlərin həlli, sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməsi üçün əhəmiyyətli platforma olacaq”.