Rusiya ordusunun genişmiqyaslı hücumu artıq başlayıb, lakin bu əməliyyat elə formada həyata keçirilir ki, hamı bunu görə bilmir.
APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "Forbes Ukrayna" nəşrinə müsahibəsində deyib.
O qeyd edib ki, hücumun mahiyyəti də elə bundan ibarətdir: “Rusiya Silahlı Qüvvələrinin qarşısında strateji vəzifə dayanır – 31 marta qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq”.
Budanov deyib ki, Rusiyada artilleriya mərmilərinin ehtiyatları 30 faizə qədər azalıb və raket ehtiyyatı demək olar ki, tükənib. Rusiya ay ərzində maksimum 40 qanadlı raket istehsal edə bilər və buna görə də Moskva Kiyevin ələ keçirilməsi iddiasından əl çəkməyə məcbur oldu.
“Yaz fəslinin ortalarından axırına kimi Ukraynanı həlledici döyüşlər gözləyir və bu döyüşlər müharibədə dönüş nöqtəsi olacaq”, - deyə Budanov vurğulayıb.
“İşğalçılar Baxmut şəhəri yaxınlığında döyüş taktikalarını dəyişirlər. Onlar artilleriya və ya digər texnika ilə hücuma keçmək əvəzinə, piyadaları döyüşə göndərirlər.
Rusiya üzərində qələbə qazanandan sonra sərhədimizin ətrafında təhlükəsizlik zonası üçün şərait yaratmalıyıq - silahsız və normal nəzarət edilə bilən demilitarizasiya zonası”, - deyə o əlavə edib.
Budanov həmçinin müharibəni futbol matçı ilə müqayisə edib: “Artıq 12 aydır ki, davam edən müharibə ilə futbolu müqayisə etsək, hazırkı hesab 1:1-dir və oyunun 70-ci dəqiqəsi gedir. Bu mənim subyektiv fikrimdir”.