Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoya qarşı qiyabi ittiham irəli sürüb.
APA xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin “Telegram” kanalında yazılıb.
Bildirilib ki, UTX Sergey Rudskoya qarşı Ukrayna Cinayət Məcəlləsinin 3 maddəsinə istinadən ittiham irəli sürüb: 1) Ukraynanın ərazi bütövlüyünə qəsd etmək, 2) təcavüzkar hücumlar planlaşdırmaq, hazırlamaq, həyata keçirmək, 3) Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə haqq qazandırmaq.
Xatırladaq ki, bir müddət əvvəl UTX tərəfindən Rusiya Təhlükəsizlik Şurasının əksər üzvlərinə qarşı "Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd etmək" maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev və bir çox yüksək rütbəli dövlət məmurları da axtarışa verilib.