Bakı-APA. Rusiyanın “Qazprom” konserni Türkiyəyə qaz tədarükünü kəskin azaldıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, buna səbəb Türkiyənin özəl energetika şirkətləri ilə qiymət mübahisələrinin olduğu göstərilir.
Məlumata görə, qaz tədarükünün azalması hələ fevralın 10-da qeydə alınmışdır – o zaman tədarük həcmi 10 faiz azaldılmışdır. 15-21 fevral tarixlərində isə tədarükün həcmi 50 faizədək azaldılıb. Bu həftə ərzində qaz tədarükünün həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azaldılaraq, 26,7 mln kobmetr təşkil edib.
Türkiyənin Energetika Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, tədarükün azaldılmasının əsas səbəbi anomal istilər deyil (isti havada, adətən, qaza tələbat azalır-red) , Türkiyə şirkətlərinin “Qazprom”la qiymət mübahisəsi aparmasıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Türkiyə şirkətlərinə tədarük olunan qaza tətbiq edilən 10,25 faizlik endirimi ləğv edib.