Bakı. Viktoriya Dementyeva – APA. Avropa İttifaqında sədrliyi təhvil alan Yunanıstan Avropanın qonşuluq siyasətində prioritetləri şərqdən cənuba dəyişir.
APA-nın məlumatına görə, Yunanıstanın ANA – MPA agentliyinə müsahibəsində Yunanıstan baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ölkəsinin Aİ-də sədrliyi dövründə əsas prioritetləri açıqlayıb.
“Aİ-nin cənub qonşuluğu həm bizim üçün, həm də həmin ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Sədrliyi müddəti bitən Litva əsasən Şərq qonşuluğuna diqqət yetirirdi – Ukrayna, Ermənistan və s. Biz isə cənub qonşuluğa önəm verəcəyik, bu ölkələrlə münasibətləri inkişaf etdirəcəyik”, - deyə o vurğulayıb.
Venizelos nümunə kimi Yunanıstanın son aylarda Misirlə qurduğu əlaqələri göstərib. O, bu münasibətləri bölgə və ümumiyyətlə bütün Aralıq dənizi regionu üçün çox faydalı kimi qiymətləndirib.
Qeyd edək ki, Avropanın qonşuluq siyasətinin iki istiqaməti var – şərq və cənub.
Cənub qonşuluğu Əlcəzair, Mərakeş, Misir, İsrail, İordaniya, Livan, Liviya, Fələstin, Suriya və Tunisi əhatə edir. Şərq qonşuluğu siyasətinə isə Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukrayna daxildir.