Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisi Açıq Universitetinə (TAU) 100-dən çox kitab və jurnal hədiyyə edib.
APA-nın yerli bürosunun məlumatına əsasən, təqdim olunan vəsaitlər Azərbaycanın siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rza Talıbovun gürcü dilinə tərcümə olunmuş “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının nüsxələri və "Bakı" jurnalıdır.
Tədbirdə çıxış edən TAU prezidenti Zaur Amilaxvari Gürcüstan və Azərbaycan arasında tarixən mövcud olan sıx dostluq münasibətlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi gücü Gürcüstana da müsbət təsir edir. Z. Amilaxvari rəhbərlik etdiyi ali məktəbdə azərbaycanlı tələbələrin çoxluq təşkil etdiyini vurğulayıb.
Universitet rəhbəri ali məktəbə təqdim olunan kitab və jurnallara görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında iki ölkə arasında nümunəvi qardaşlıq münasibətlərindən söz açıb. O, tədbirin Azərbaycanın Milli Dirçəliş Gününə təsadüf etməsini əlamətdar adlandırıb.
D. Həsənov deyib ki, ölkələr arasında elm sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Səfir Gürcüstandakı bütün ali məktəblər, həmçinin TAU ilə bundan sonra da əməkdaşlığa hazır olduğunu qeyd edib.
Diplomat ali məktəbə hədiyyə olunmuş kitabların müəllim və tələbələr üçün qiymətli və maraqlı vəsait olacağını söyləyib.